HƏRBİ
Xarici ölkələrin hərbi attaşeləri Gəncədə terror qurbanlarının xatirəsini anıblar – FOTOLAR
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsini anıblar.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbi attaşelər Vətən müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət ediblər. Həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstələri düzüblər.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq mülki əhali arasında maksimum itki vermək məqsədilə Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Naftalan, Abşeron və Xızı rayonlarının qəsdən ballistik raketlər və digər ağır artilleriya qurğuları ilə bombalandığı barədə ətraflı məlumat verib.
Bildirilib ki, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər isə yaralanıb. Yaralananlardan biri də sonradan xəstəxanada vəfat edib.
Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq və 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.
Səfər çərçivəsində hərbi attaşelər Nizami Gəncəvi Məqbərə Kompleksində də olublar. Burada onlara dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verilib.
Digər xəbərlərə də bax
HƏRBİ
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
HƏRBİ
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.