HƏRBİ
Azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri 27 960 hektardan çox ərazini minalardan təmizləyib
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, mürəkkəb relyefli, o cümlədən çətin keçilən dağlıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə yeni təminat yolları çəkilir.
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1078 km-dən çox yeni təminat yolları çəkilib. Bundan başqa yeni çəkilən təminat yollarına oktyabr ayı ərzində 81 ədəd, ümumilikdə isə 1796 ədəd yol tanıtma nişanları quraşdırılıb.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində oktyabr ayının 1-dən bu günədək olan müddət ərzində 550 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 9726 ədəd piyada əleyhinə, 2485 ədəd tank əleyhinə və 10316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.
Digər xəbərlərə də bax
HƏRBİ
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
HƏRBİ
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.