MANŞET
Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar.
Sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib.
Qeyd edək ki, sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.
Müəlliflər qrupunun rəhbəri professor Eldar Nadiradze olan “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabda isə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsmi yer alıb. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb.
Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək.
Qeyd edək ki, kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.