MANŞET
Baş Prokurorluq Bərdəyə edilmiş raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb
Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla 44 günlük Vətən müharibəsinin gedişatında Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
2020-ci ilin oktyabrın 28-də Ermənistan Respublikasının silahlı qüvvələrinin müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə növbəti raket hücumu nəticəsində 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülmüş, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər şəxs xəsarət almışdır.
Qeyd edilən ilin noyabrın 7-də müharibənin son günlərində Ermənistanın Bərdə rayonunun Yeni Əyricə kəndinə raket hücumu nəticəsində 1 nəfər uşaq ölmüşdür.
Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülmüş, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəymişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə bir daha çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!”
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.