MANŞET
Tibb işçilərinin əməkhaqlarına əlavələr artırılıb – FOTOLAR
Bir sıra tibb işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələr artırılıb.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.
Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub. Belə ki, bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150% artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur.
Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub.
Bundan başqa TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Agentlik tərəfindən yaradılmış “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib.
Aşağıda qeyd olunan ixtisaslardan olan həkimlər üçün ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb:
– Terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə;
– Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə;
– Eyni zamanda, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.
Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib.
Qaydaya edilən bu dəyişiklik 4 noyabr 2022-ci il tarixindən qüvvəyə minib.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.