Zəfər tarixinin xronikası:  13 oktyabr 2020-ci il

Zəfər tarixinin xronikası: 13 oktyabr 2020-ci il

Həmin gün:

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi “İnstag­ram” səhifəsində etdiyi paylaşımda deyilir: “Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!”;

– İtaliyalı deputatlar tərəfindən kütləvi in­formasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin humani­tar atəşkəslə bağlı razılığı kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanat yayılıb;

– Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Va­leri Kolyux və Vladimir Kreydenko tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərindən narahatlıq ifadə edən məktub ünvanlanıb;

– dünyanın bir sıra ölkələrinin si­yasi partiyaları, parlament üzvləri və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edilib. Bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub, həmçinin Ermənistan silah­lı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilib.

***

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yenidən qruplaşma və yerdəyişmə aparılaraq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 12-dən 13-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 hau­bitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıb.

***

Azərbaycan Respublikasının Baş Proku­rorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 42 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mül­ki obyekt yararsız vəziyyətə düşüb.

***

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Departamentinin Ermənistan Xarici İşlər Nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamanı şərh edib.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti departamentindən məlumat verilib. Bildirilib ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq həqiqətə uyğun olmayan bir sıra məqamlar əksini tapıb. Həmin açıqlama­da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə, beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdülüb.

Bununla əlaqədar olaraq Azərbaycan XİN-i xatırladıb ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən, onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunlar arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan–Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.

Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, 3 nazirin Moskva görüşünə qatıldı və ora­da konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi.

Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığın­da erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə Azərbaycanın bir tibbi personalı ağır yaralandı. Bundan əlavə, oktyabrın 11-də gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə yeksan etdi, 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu.

 

CƏMİYYƏT GÜNDƏM MANŞET