SİYASƏT
Dağ yəhudilərinin Azərbaycana məhəbbətini tərənnüm edən filmin təqdimatı keçirilib
Almaniyanın Münhen şəhərində Yəhudi Mədəniyyət Mərkəzində azərbaycanlı rejissorlar Rüfət Əsədovun və Vüsal Nazımoğlunun “Peygəmbər Yereminin göz yaşları” filminin təqdimatı keçirilib.
Təqdimat mərasimi Almaniyadakı Azərbaycan diasporunun fəallarından biri, əslən bakılı olan dağ yəhudisi Emin Salimov tərəfindən təşkil olunub.
Film əslən Azərbaycandan olan, dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana məhəbbətindən bəhs edir.
Filmin təqdimatında Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndəsi Ülvi Nağıyev, Almaniya Yəhudi İcmasının fəallarından Emin Salimov, German Cantaliyev, Münhen və Yuxarı Bavariya İsrail Mədəniyyət Mərkəzinin prezidenti Şarlotta Knoblox, Yəhudi mədəniyyəti və ənənələrinə dəstək təşkilatını sədri Andrey Horovic, Beynəlxalq Azərbaycan-İsrail Assosasiyasının nümayəndələri Yeganə Salman, Şhaul Siman-Tov, Mixail Salman, Şmuel Simantov, “Münhen qafqaz yəhudiləri İctimai Birliyinin” rəhbəri Firuzə Yushvayeva, Avropada yaşayan yəhudi və azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.
Digər xəbərlərə də bax
MANŞET
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mehriban Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”
MƏDƏNİYYƏT
Haaqada yeni fəaliyyətə başlamış Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqa şəhərində yeni fəaliyyətə başlamış Azərbaycan məktəbinin şagirdləri və müəllimləri Novruz bayramını qeyd edib.
Bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Bu gün Niderland-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri İlhan Aşkının təşəbbüsü, Azərbaycanın Niderlanddakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi ilə Haaqada yeni fəaliyyətə başlamış Azərbaycan məktəbinin şagirdləri və müəllimləri ilə qədim Novruz bayramını qeyd etmək çox qürurverici idi”, – diplomatik missiyanın başçısı nəql edib.
SİYASƏT
Azərbaycan və Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri Enaam Mayara ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Mərakeş arasında parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ötən ilin dekabrında Mərakeşə səfərinin əhəmiyyəti qeyd edilib və iki ölkə arasında mövcud olan dostluq münasibətləri xüsusilə vurğulanıb.
Səfir Mərakeş parlamenti palatasının sədrinə Azərbaycan tərəfinin ölkəyə səfər və mayda Azərbaycanda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək dəvətini çatdırıb. Görüşdə bu səfərin ölkələr arasında parlament əməkdaşlığının daha da dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüş zamanı Şuralar Palatasında Mərakeş-Azərbaycan dostluq qrupunun yaradılması, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq kimi məsələlər də müzakirə olunub. Bundan əlavə, E.Mayaranın həm də Mərakeş Həmkarlar İttifaqının prezidenti olduğunu nəzərə alaraq, iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin qurulması və mümkün əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparılıb.