MANŞET
Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Ombudsman ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Ombudsman Aparatından daxil olan müraciətdə deyilir:
“Sosial şəbəkələrdə Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində azərbaycanlılara qarşı formalaşdırdığı etnik nifrət siyasətinin nəticələrini özündə əks etdirən növbəti video yayılıb. Həmin videodan ermənilər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində dəfn olunmuş azərbaycanlılara məxsus qəbirüstü abidələrin vandalcasına dağıdıldığı, həmçinin bu əməllərin qəsdən və nifrət zəminində həyata keçirildiyi məlum olur.
Xatırlatmaq istərdik ki, Ermənistanın işğalı dövründə Füzuli, Zəngilan, Ağdam rayonlarında dağıdılaraq təhqir edilmiş qəbiristanlıqlarla bağlı Azərbaycan Ombudsmanı tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyanın nəticəsi olaraq cari ildə hazırlanmış və dünya ictimaiyyətinin diqqətinə çatdırılmış hesabatda azərbaycanlılara məxsus məzar daşlarının kütləvi şəkildə dağıdılması, qəbirlərdən kəllə sümüklərinin çıxarılması və qızıl dişlərin götürülməsi kimi faktlar qeyd olunmuşdu. Təəssüf ki, 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq bu kimi çoxsaylı müharibə cinayətlərini törətmiş şəxslərə qarşı hər hansı hüquqi məsuliyyət tədbirlərinin görülməməsi bu günə qədər bu kimi insanlığa sığmayan, dini etiqad azadlığının kobud şəkildə pozulmasına səbəb olan, nifrət dolu cinayətkar əməllərin davamlı olaraq törədilməsinə və ictimailəşdirilməsinə şərait yaradıb.
Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanla bağlı yanlış fikir formalaşdırmağa hesablanmış addımlarının son zamanlar daha geniş vüsət aldığını nəzərə alaraq, beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini bu cür vandalizm hallarına biganə qalmamağa, milli-dini ədavəti qızışdıran təxribatçı əməllərin törədilməsinə rəvac verməklə regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları hədəfə alan Ermənistanın nifrət siyasətindən əl çəkməsi üçün təsirli tədbirlər görməyə çağırırıq”.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.