HƏRBİ
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib – FOTOLAR
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan İlqar Vəliyev, Orxan Qəhrəmanov, Fərid Mehbalı, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
ShekiMedia.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti, ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə şəhidlərimizin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlərə də bax
HƏRBİ
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
HƏRBİ
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.