HƏRBİ
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – FOTOLAR
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Cavid Səfərli, Qurban İbrahimov və Seymur Allahverdiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimlər çərçivəsində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.
Müdafiə Nazirliyi, ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimlərində şəhidlərin ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qurumun yaydığı videoçarxdan məlum olur ki, komandoların daimi təlim və məşğələləri təşkil olunur.
Hazırda isə komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.
Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.
HƏRBİ
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra ediblər.
“Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirdikdən sonra gecə qaranlığında şərti düşmənin arxasına sızaraq mövqelərə basqın tapşırığını icra ediblər. Təlimdə şəxsi heyətin sıldırım qayalıqlara dırmanaraq dağdan iplərlə enməsi, eyni zamanda, ekstremal şəraitdə yaralıların qayalıqlardan təxliyə edilməsi məşq etdirilib. Xüsusi təyinatlı bölmələr düşmən dərinliyində çətin relyefli şəraitdə, qarlı və meşəlik ərazidə düşmənlə qəfil qarşılaşma, düşməndən uzaqlaşma fəaliyyətlərini yerinə yetiriblər. Taktiki-xüsusi təlimdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi həyata keçirilib”, – məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, qarlı-şaxtalı havalarda şəxsi heyətin xizəksürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
HƏRBİ
Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – nazirlik açıqlayıb.