MANŞET
Türk qazilər Şuşanı ziyarət ediblər – FOTOLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada olublar.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən qazilər səfər çərçivəsində ilk olaraq Cıdır düzünə baş çəkiblər.
Dövlət Xidmətinin idarə rəisi polkovnik Şaiq Məmmədov Şuşa uğrunda gedən döyüşlər barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Vətən müharibəsinin unikal əməliyyatlarından olan Şuşanın azad edilməsini yüksək peşəkarlıqla həyata keçiriblər.
O vurğulayıb ki, ərazi çətin reylefə malik olduğundan yüngül silahlarla silahlanmış xüsusi təyinatlı bölmələrimiz qalın meşələri, dağları, dərələri keçərək düşmənə gözlənilməz zərbə vurub və düşmən üzbəüz döyüşdə məhv edilib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şuşanın azad edilməsinin müharibənin taleyini həll etdiyini, bundan sonra düşmənin kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb.
Türkiyə Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş Türkiyə cəmiyyətinin Azərbaycanın qələbəsini səbirsizliklə gözlədiklərini, hər gün cəbhədən xəbərləri həyəcanla dinlədiklərini vurğulayıb.
İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, Türkiyədə Azərbaycan Silahlı Qüvvələri üçün hərbi pilotların hazırlanması ilə bağlı xatirələrini danışıb.
Türkiyə qaziləri daha sonra Şuşanın tarixi yerlərini ziyarəti davam etdiriblər.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.