MƏDƏNİYYƏT
Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunur
Xəbər verildiyi kimi, yanvarın 13-də günün ikinci yarısında əsən güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar törədib, o cümlədən elektrik xətlərinə, binaların dam örtüyünə zərər vurub.
Güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurub. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər qırılıb.
Hadisə baş verdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri tərəfindən ev-muzeyə baxış keçirilib, binaya və elektrik təsərrüfatına dəymiş zərər qiymətləndirilib.
Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, görkəmli şair, dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb.
1999-cu ildə muzeydə yenidənqurma işləri aparılıb, 2019-cu ildə isə muzeydə təmir-bərpa işləri görülüb. Muzeyin ekspozisiyasına C.Cabbarlının ailəsinin məişət əşyaları, ədibin kitabları, əsərlərinin tamaşalarından fotoşəkillər, arxiv sənədləri və s. – ümumilikdə 500-dən çox eksponat daxildir.
Digər xəbərlərə də bax
MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq
Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
MƏDƏNİYYƏT
Musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başa çatıb
MƏDƏNİYYƏT
Əməkdar rəssam İsa Məmmədov vəfat edib
Əməkdar rəssam İsa Məmmədov 68 yaşında vəfat edib.
Bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların sözlərinə görə, İ.Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.
Rəssamın Türkiyədə (2009), “Bakı-Berlin” Qalereyasında (2010, Almaniya) fərdi sərgisi kecirilib.
İ.Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.
Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.
İ.Məmmədov 2021-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.