SİYASƏT
Bu gün ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” kimi elan edilmişdir. Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə xalqımızın qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Bu qərar respublikamızda azərbaycançılıq ideyalarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcək və bir daha dahi şəxsiyyətin zəngin irsinin təbliğinə geniş imkanlar yaradacaqdır.
Bəli, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyev sivil dünyanın qüdrətli simalarındandır. Heydər Əliyev parlaq natiqlik məharəti, güclü dövlətçilik duyğusu və çevik idarəetmə məharəti dövləti cəsarətlə idarə edən möhtəşəm bir lider, hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi müstəqil və müasir Azərbaycanın qurucusu olaraq adlandırılması bilavasitə onun xalqımız üçün gördüyü nəhəng işlərə söykənən reallıqdır.
Azərbaycan XX əsrin sonlarında çox çətin sınaq qarşısında idi və bərpa edilmiş müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Xalqımız 90-cı illərin əvvəllərində suverenliyini yenidən bərpa etsə də, ölkədə yaranmış siyasi böhran, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması siyasi və sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş, ölkədə xaos yaranmış, iqtisadiyyat ciddi tənəzzülə uğramışdı. Azərbaycan dövlətçiliyinin ciddi təhlükə ilə üzləşdiyi belə bir ağır zamanda xalqımız yenidən öz xilaskarına – dahi şəxsiyyət Heydər Əliyevə üz tutdu. Xalqın iradəsi və tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə daxili çaxnaşmanın, vətəndaş müharibəsinin, xaos və hərc-mərcliyin qarşısını aldı, atəşkəsə nail oldu. “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir” deyən ulu öndər ölkənin davamlı inkişafının əsasını qoydu və müstəqilliyimizi möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin əsas qayəsini təşkil edən milli istiqlal, milli birlik, müstəqil dövlətçilik məfkurəsinə sadiq qalmaqla “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir” prinsipinin özünün həyat və siyasi fəaliyyət kredosu olduğunu bir daha sübut etdi. “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir” deyən ulu öndərin fədakar və yorulmaz fəaliyyəti sayəsində ölkəmiz dünya birliyində mövqeyini gücləndirdi.
Bir sözlə ulu öndərin hakimiyyətə qayıdışından sonra ictimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad bazar iqtisadiyyatının formalaşması məqsədilə hüquqi baza yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının uğurlu gələcəyini təmin edən uzaqgörən neft strategiyası, yaradılan neft-qaz sənayesi iqtisadi həyatın bütün digər sahələrinin harmonik inkişafı baxımından vacib faktor oldu.
Bu gün ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Milli dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinin, müstəqilliyimizin əbədiliyinin, ölkəmizin hərtərəfli yüksəlişinin ən etibarlı təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan inamla irəliləyir, yeni uğurlara imza atır. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə nail olmuşdur.
Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə Azərbaycan xalqının tarixində və taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Bu məqsədlə, Ulu Öndərin tematik sitatları ilə bağlı müxtəlif tədbirlər keçirilir. Heydər Əliyevin müxtəlif nitq və müsahibələrindən seçilmiş “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”, “Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir”, “Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir”, “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır”, “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, “Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır” kimi sitatlarında milli dövlətçilik anlayışı, ümumbəşəri dəyərlərimizə, dövlət atributlarına verdiyi dəyər, Azərbaycan xalqı üçün müstəqilliyin önəmi, müstəqilliyi qazanmaq üçün etdiyi fədakarlıqlar, onu qorumağın çətinlikləri, hər bir insanın ölkənin inkişafına öz töhfəsini verməsi məsuliyyəti vurğulanır. Ümumi olaraq, sitatlar milli gurur hissi və Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunmasına olan bağlılığı ifadə edir.
Bəli, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsi dahi şəxsiyyətin dünya tarixindəki yerinə və mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, ərz etmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur.
Famil RƏHİMOV
Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru
Digər xəbərlərə də bax
MANŞET
XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.
XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:
“4 aprel tarixi Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib olduğunu vurğulayır.
Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.
Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.
4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”.
SİYASƏT
“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən verilən məlumata görə, sənəd poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tutur. Nəticədə MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq.
Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.
SİYASƏT
Ceyhun Bayramov konqolu həmkarını COP29-a hazırlıq barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konqonun xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
XİN başçıları COP29-a hazırlıq barədə də danışıblar.