HƏRBİ
Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.
Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ş.Alpay Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.Müdafiə naziri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən Ş.Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.
Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qurumun yaydığı videoçarxdan məlum olur ki, komandoların daimi təlim və məşğələləri təşkil olunur.
Hazırda isə komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.
Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.
HƏRBİ
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra ediblər.
“Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirdikdən sonra gecə qaranlığında şərti düşmənin arxasına sızaraq mövqelərə basqın tapşırığını icra ediblər. Təlimdə şəxsi heyətin sıldırım qayalıqlara dırmanaraq dağdan iplərlə enməsi, eyni zamanda, ekstremal şəraitdə yaralıların qayalıqlardan təxliyə edilməsi məşq etdirilib. Xüsusi təyinatlı bölmələr düşmən dərinliyində çətin relyefli şəraitdə, qarlı və meşəlik ərazidə düşmənlə qəfil qarşılaşma, düşməndən uzaqlaşma fəaliyyətlərini yerinə yetiriblər. Taktiki-xüsusi təlimdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi həyata keçirilib”, – məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, qarlı-şaxtalı havalarda şəxsi heyətin xizəksürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
HƏRBİ
Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – nazirlik açıqlayıb.