SİYASƏT
Azərbaycanın daha bir qrup din xadimi İrandakı səfirliyimizə edilən terroru pisləyib
Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri İrandakı Azərbaycan səfirliyinə terror hücumunu pisləyən bəyanat yayıblar.
Bəyanatda deyilir:
“Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları üzrə din xadimləri, dini icma sədrləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirirlər. Müstəqil Azərbaycanın suveren ərazisinin – səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır.
Tehrandakı səfirliyimizin mühafizəsini təmin edərkən – dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.
Azərbaycanın dini cameəsi, eləcə də bölgədə fəaliyyət göstərən din xadimləri də bu cinayəti qətiyyətlə pisləyirlər. Bəyan edirik ki, ölkəmizə qarşı baş vermiş bu hadisə məzhəbindən asılı olmayaraq, Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid etmək, Allah evlərini murdarlayan erməni təcavüzkarlarına silah, hərbi yardım ötürmək müsəlmanlıqla bir araya sığmır. Müqəddəs dinimiz islam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Biz də bir Azərbaycan vətəndaşı və din xadimləri olaraq, tələb edirik ki, terror aktının üstünün açılması üçün bütün araşdırmalar dərindən və Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə aparılmalıdır.
Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, bütün Azərbaycan vətəndaşları dinindən və məzhəbindən asılı olmayaraq dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyir. Azərbaycan səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!”
Xatırladaq ki, daha əvvəl Aran bölgəsindəki din xadimləri də terror aktını pisləməklə bəyanat yayıblar
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.