MANŞET
Mehriban Əliyeva: “Türkiyə, səninləyik!”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!
Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram! Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!”
Digər xəbərlərə də bax
-
Ərdoğan NATO-nun baş katibilə Rusiyada baş verənləri müzakirə edib
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49,5 min nəfəri keçib
-
Adanada 4,4 maqnitudalı zəlzələ olub
-
FHN-in Türkiyəyə humanitar yardım aparmış vasitələrinin növbəti hissəsi Bakıya qayıdır
-
Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyətlərini yekunlaşdırdılar – FOTOLAR
-
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.