CƏMİYYƏT
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Naxçıvana gedib – FOTOLAR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.
Bu barədə agentlikdən məlumat verilib.
Qeyd olunub ki, Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, hər iki rəhbər şəxsin müavinləri Nigar Bayramova və Anar İsrafilov, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.
Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Səfər müddətində nümayəndə heyəti Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.
Daha sonra rəsmilər Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirakı ilə baş tutan tanışlıq görüşündə bildirilib ki, tibb fakültəsi üçün ayrıca bina, xəstəxana, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar mövcuddur.
Qonaqlar NDU-nun tibb fakültəsində fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya və stomatoloji texniki laboratoriyalar ilə tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanası və Doğum Mərkəzi, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası və kənd həkim ambulatoriyalarının fəaliyyətləri ilə tanış olublar.
Tibb müəssisələrində icbari tibbi sığorta sisteminin işləmə mexanizmi, sığorta çərçivəsində göstərilən tibbi xidmətlər və s. barədə qonaqlara məlumat verilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.