SİYASƏT
AZAL-ın uçuş heyətinin ümumi illik iclası baş tutub
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) uçuş heyətinin ümumi illik iclası keçirilib.
ShekiMedia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, AZAL-ın prezidenti Cahangir Əsgərov giriş nitqində yüksək peşəkarlıqlarına və mülki aviasiyanın inkişafına verdikləri dəyərli töhfələrə görə bütün uçuş heyətinə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin davamlı dəstəyi və qayğısı sayəsində mümkün olub.
Onun sözlərinə görə, həmçinin bütün aviatorların yüksək ixtisası və kollektiv əməyi sayəsində Azərbaycanın mülki aviasiyası etibarlı aviadaşıyıcı kimi qüsursuz nüfuzunu təsdiqləyərək regionda lider mövqe tutmaqda davam edir.
C.Əsgərov uçuşların təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanın milli aviadaşıyıcısının ən yüksək prioriteti olduğunu xüsusilə vurğulayıb. Ən son IOSA auditinin uğurla başa çatması uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə qorunub saxlanılmasını və aviaşirkətin fəaliyyətinin ən ciddi beynəlxalq tələblərə uyğunluğunu bir daha təsdiq etdi. Uçuşların təhlükəsizliyi və aviadaşımaların səmərəliliyi məsələlərinə böyük diqqət yetirən AZAL uçuşların təhlükəsizliyinin səviyyəsinin və sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verən qabaqcıl texnologiyaların və həllərin tətbiqi üzərində fəal işləyir.
“Təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanılması və sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi AZAL-ın möhkəm və mehriban kollektivinin gündəlik əməyidir. Bu, texniki əməkdaşlardan tutmuş yerüstü və təyyarə göyərtəsində çalışan personala qədər – hər bir aviatorumuzun işidir”, – deyə C.Əsgərov bildirib.
Onun sözlərinə görə, aviaşirkətin hər bir əməkdaşı çalışır ki, Azərbaycan aviaşirkətlərinin sərnişinləri təyyarədə özlərini rahat və təhlükəsiz hiss etsinlər, həmçinin aviasiya sənayesinin ən ciddi qaydalarına cavab verən yüksək səviyyəli xidmətlə təmin olunsunlar.
C.Əsgərov qeyd edib ki, rəhbərlik uçuş heyəti ilə daimi əsasda məsələlərin birgə həllinə və əhəmiyyətli məqsədlərin həyata keçirilməsinə yönəlmiş konstruktiv dialoq aparır. Onun sözlərinə görə, AZAL-da əməkdaşlara öz potensiallarını nümayiş etdirməyə və aviaşirkətin ümumi məqsədlərinə nail olmaq üçün təcrübələrindən istifadə etməyə imkan verən şərait yaradılıb.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.