SİYASƏT
Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi qeyd olunub
Martın 1-də Müdafiə Nazirliyinin rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdən əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi institutun ərazisində yeni istifadəyə verilən idman kompleksində yaradılan şəraitlə tanış olub.
Müdafiə nazirinə məruzə edilib ki, kompleksdə kursantların fiziki hazırlığının daha da yaxşılaşdırılması, eləcə də idmanın bütün növü ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb.
Sonra hərbi institutun 105 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə institutun rektoru general-mayor Fizuli Salahov çıxış edərək institutun tarixi, əsas fəaliyyət istiqamətləri, eləcə də məzunların əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, institutun məzunlarının qəhrəmanlığı hər zaman yüksək qiymətləndirilib, ölkə rəhbərliyi tərəfindən onlardan 7 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı”, 46 nəfəri “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 43 nəfər məzun isə “general” ali hərbi rütbəsinə qədər yüksəlib.
Hərbi institutun zabit, kursant və professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri general-polkovnik Z.Həsənov çıxış edib.
Müdafiə naziri çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə orduda aparılan islahatlardan, peşəkar kadr hazırlığının əhəmiyyətindən, hərbi təhsil sahəsində görülən işlərdən danışıb. Ən qabaqcıl orduların müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsinin birbaşa Ali Baş Komandanın şəxsi nəzarətində olduğu diqqətə çatdırılıb. Vahid mərkəzdən operativ idarəetmə sisteminin yaradılmasının, yüksək döyüş qabiliyyətinə malik yeni komando hərbi hissələrinin mövcudluğunun orduda davam edən islahatların nəticəsi olduğunu qeyd edən nazir ordu quruculuğunda daima yeni yanaşmaların, daha effektiv metod və üsulların, müasir hərbi innovasiyaların tətbiq edildiyini bildirib.
Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətini diqqətə çatdıran nazir hərbi institutun yetirmələrinin də döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
İnstitutda hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.
General-polkovnik Z.Həsənov kursantlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb, hərbi təhsil sisteminin daha keyfiyyətli və yüksək səviyyədə təşkili üçün aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Tədbirdən sonra müdafiə naziri kursantlarla birgə nahar edib, onların qayğıları ilə maraqlanıb və suallarını cavablandırıb.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.