Xalq artisti Musa Mirzəyevin anadan olmasının 92 ili tamam olur
Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 92 ili tamam olur.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada çalışıb, 1978-1979-cu illərdə isə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsini tutub. Bakı Musiqi Akademiyasında yeni peşəkar musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib. Ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələmiş Musa Mirzəyevin yaradıcılığında xüsusən simfonik və kamera musiqisi janrında yazdığı əsərlər mühüm yer tutub. Bəstəkarın əsərləri tanınmış musiqi kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa olunmaq üçün yenidən işləyib və partiturasının hazırlanmasına böyük əmək sərf edib.
“Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilən sənətkar 2016-cı ildə vəfat edib.