XƏBƏRLƏR
FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb – VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, səkkiz ədəd nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən ölkəmizə yola düşüb.
Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən FHN tərəfindən Türkiyəyə xüsusi təlim görmüş səkkiz xilasetmə iti, üç ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2 630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, beş ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2 000 ədəd oturacaq, 8 000 ədəd geyim dəsti, 20 000 cüt corab, 7 000 ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19 330 nəfər zərərçəkmiş nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
XƏBƏRLƏR
FHN: Ötən sutka ərzində 59 halda yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 59 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla, 5 nəfər xilas edilib.
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.