ELM VƏ TƏHSİL
DİM aprelin 2-də bir neçə imtahan keçirəcək
Qeydiyyatdan keçmiş əvvəlki illərin məzunlarının sayı nəzərə alınaraq buraxılış imtahanı yalnız bir gündə – aprelin 2-də təşkil olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək.
“İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.
2 aprel tarixində aşağıdakı imtahanlar keçiriləcək:
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 keçidindən istifadə etməlidirlər.
4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https: //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 keçidindən istifadə etməlidirlər.
İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycanda ali təhsil alan qadınların sayı artıb
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
ELM VƏ TƏHSİL
Kolleclərdə oxuyanlar daha çox hansı ixtisasları seçiblər? – statistika
2023-2024-cü tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kollec) 65 min 640 tələbə oxuyub. Onların 59 min 314-ü əyani, 6326-sı qiyabi təhsil alıb. 2005-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 57 min 896, ötən il isə 64 min 623 nəfər olub. Bu, illər keçdikcə kolleclərdə oxuyan tələbələrin sayının artdığını göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (18 min 517 nəfər) üstünlük veriblər. İkinci yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (14 min 378), üçüncü yerdə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu (11 min 524) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 2051 nəfər seçib.
ELM VƏ TƏHSİL
Ali məktəblərə yüksək balla daxil olan gənclərlə görüş keçirilib
13 sentyabr 2024-cü il tarixdə ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adı qazanmış gənclərlə görüş keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. “Təhsil millətin gələcəyidir” -deyən Ümummilli lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının əsas məqsədi ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsidir.
RİH başçısı diqqətə çatdırdı ki, Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün ölkəmizdə təhsilə olan diqqət və qayğı da göz qabağındadır. Təhsil işçilərinin əməkhaqqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək” layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər təhsilin inkişafı istiqamətində atılan önəmli addımlardır.
Tədbirdə çıxış edənlər də ali məktəblərə qəbul olunan gəncləri təbrik etmiş, tələbəlik həyatında müvəffəqiyyətlər arzulamışlar.
Çıxış edən məzunlar onlara göstərilən etimadları doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim olunmuşdur.