SİYASƏT
Ombudsman BQXK-dən Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara münasibət bildirib.
O bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto və video materiallar yayılıb:
“Bir neçə gün öncə Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanla sərhəd ərazisində itkin düşməsi barədə məlumatlar yayılmış, Ermənistan tərəfi isə onların saxlanıldığını təsdiqləmişdi.
Ermənistan kütləvi informasiya vasitələrində bu gün yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir.
“Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdırlar.
Azərbaycan Ombudsmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüquqla üzərinə götürdüyü tələblərə riayət etməyə çağırmağa dəvət edirəm. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm”.
Digər xəbərlərə də bax
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
QAX
RİH başçısının Qaxbaş kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qaxbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilib.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər kənd məktəbinin qazanxanasına qaz xəttinin çəkilməsinə, kəndin körpələr evi-uşaq bağçasının yeni binasının və məktəbə idman zalının tikilməsinə köməklik göstərilməsi ilə bağlı olunub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.