SİYASƏT
Baş Prokurorluqda Gömrük Komitəsinin işçiləri üçün təlimlər keçirilib
Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə cari ilin sentyabr ayının 15-16-da gömrük orqanları tərəfindən aşkar edilən hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadə qaydalarının izahı, bu sahədə vahid təcrübənin və vərdişlərin formalaşdırılması mövzusunda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşlarının iştirakı ilə Elm-Tədris Mərkəzində təlimlər keçirilib.
Bu barədə hər iki dövlət qurumunun birgə məlumatında qeyd edilib.
Bildirilib ki, əvvəl tədbirdə Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qazilərə şəfa dilənilib.
Həmin təlimlərə dinləyici qismində Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Sumqayıt Baş Gömrük İdarəsinin, eləcə də Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələrinin 45 əməkdaşı cəlb edilib.
Təlimçi qismində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin peşəkar işçiləri ilə yanaşı, Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquq və humanitar fənləri” kafedrasının baş müəllimi də iştirak edib.
Tədbir çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə foto və videoçəkilişin aparılma qaydasını və taktikasını, əldə edilmiş dəlillərdən istifadə metodikasını əks etdirən nəzəri və praktiki məşğələlər tədris edilib, dinləyicilər Baş Prokurorluğun inzibati binalar kompleksinin funksional imkanları və texniki təchizatı ilə tanış olublar.
Təlimlərin yekunu üzrə müzakirələr zamanı dinləyicilər tədris edilən mövzulardan və keçirilən praktiki məşğələlərdən razılıqlarını ifadə ediblər.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib
9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.
1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.
1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.
1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.
2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
ALLAH RƏHMƏT ELƏSİN!
QAX
Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR
08 may 2024-cü il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayon Heydər Əliyev Mərkəzinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib.
ShekiMedia.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd müstəqil Azərbaycanın qurucusu, əvəzolunmaz lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə gənc nəsli tanış etmək olub.
Tədbirdə iştirakçılar arasında Heydər Əliyevin 101 illiyinə həsr olunmuş iki mərhələli intellektual yarış keçirilib.
Tədbirin sonunda Heydər Əliyevin həyatına həsr olunmuş ”Bir dahi ömrü “ və “ Tarix yazan imza “ adlı video çarx nümayiş etdirilib.
ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.
Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, nazirlərin görüşündə “iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb”.