Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub

Qəbələdə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı çərçivəsində fevralın 9-da Heydər Əliyev Konqres Mərkəzində Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestrinin konserti olub.

Xalq artistləri Murad Adıgözəlzadə (piano), Yeganə Axundova (piano), gənc musiqiçilər Nəzrin Aslanlı (skripka), Nigar Cəfərovanın (soprano) ifasında səslənən A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Qış”, P.İ.Çaykaovskinin Simli alətlər üçün serenadasından “Vals” və “Final”, A.Piatsollanın “Buenos-Ayresdə ilin fəsilləri” silsiləsindən “Yaz”, Niyazinin “Arzu”, S.İbrahimovanın “Piano və orkestr üçün 4 nömrəli konsert”, N.Kapustinin “Piano və orkestr üçün 2 nömrəli konsert”, F.Əmirovun “Azərbaycan elləri”, F.Bədəlbəylinin “Dəniz” əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.