MANŞET
Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür
Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.
Şəhidin anadan olmasından 63 il ötür.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.
Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.
Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır.
Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.
1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.
Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı olub.
Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, “215 kl” studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.
Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.
Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.
Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı haqqında ilk film idi.
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.
O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürəktutmasından vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Famil Abdulla oğlu ürəktutmasından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
MANŞET
Sabahın HAVA PROQNOZU – 20.10.2024
Azərbaycanda oktyabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
İQTİSADİYYAT
Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.
Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.