SİYASƏT
Xocalı Soyqırımı Memorialı Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq
Xocalı Soyqırımı Memorialı Heydər Əliyev Fondu tərəfindən Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Аnar Ələkbərov dövlət başçısı İlham Əliyevə Xocalı Soyqırımı Memorialı barədə məlumat verərkən deyib.
Qeyd olunub ki, bu memorialın yaradılması bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.
Digər xəbərlərə də bax
SİYASƏT
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub
Slovakiyanın müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə səfər edən müdafiə naziri Zakir Həsənov ölkənin hərbi institutunu ziyarət edib, döyüş texnikaları ilə tanış olub.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib.
Müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.
İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.
RƏSMİ XRONİKA
İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.
Mətndə deyilir:
“Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.
İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.
COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.
Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.
Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.
COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.
Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.
Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.
Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.
Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.
Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.
Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.
İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.
Hörmətli dini liderlər!
Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.
Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm”.
MANŞET
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb.
Həmin tədbirlərə “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masa, “Yaşıl şəhər nəqliyyatı”, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzularında nazirlərin dəyirmi masası, həmçinin “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir.
“Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masada Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirləri ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir. Dəyirmi masada “Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası”, “Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi”, “Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması”, “Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi”, “Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması” mövzuları müzakirə olunacaq.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masada “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq.
Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir.
Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək növbəti – “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masada isə Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.
Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.
Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq.
Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.
“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək. Bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.
Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2 %-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “xalis sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.