MANŞET
Növbəti köç karvanı Şuşaya yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.