XƏBƏRLƏR
2024-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb
2024-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesi başa çatıb.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri media təmsilçilərinin də iştirakı ilə MSK-nın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti ilə tanış olublar.
Azərbaycan Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına təqdim edilir.
Bildirilib ki, bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.
Cari il seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirib və qanunvericiliyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirib.
Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində fərqli üsullarla silsilə təşviqat kampaniyası gerçəkləşdirilib, MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio yayımçıları, Komissiyanın rəsmi internet səhifəsi, onlayn media portalları və sosial media platformaları vasitəsilə müntəzəm nümayiş etdirilərək geniş miqyasda ictimailəşdirilib. O cümlədən, birgə layihə çərçivəsində ilk dəfə “ASAN xidmət” mərkəzlərində yerləşən smart monitorlara seçici siyahılarına dair xidmət əlavə olunub ki, bu effektiv vasitə seçicilərə öz məlumatlarını yoxlamaq, düzəlişlərə ehtiyac yarandıqda yerindəcə sadə üsulla operativ şəkildə MSK-ya müraciət ünvanlamaq, habelə səs verəcəkləri məntəqəyə dair informasiya əldə etməyə imkan yaratıb.
Qeyd edilib ki, sadalanan məqsədyönlü layihələrlə yanaşı, dəqiqləşdirmə prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumlarının imkanlarından geniş istifadə olunması da görülən işlərin səmərəliliyinin yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynayıb.
Aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.