HƏRBİ
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
28 May – Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Tədbirlərdə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar təşkil olunub, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müdafiə nazirinin 28 May – Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb. Çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıblar.
Qeyd olunub ki, müasir Azərbaycan Ulu Öndərin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyini möhkəmləndirib, Azərbaycanın beynəlxalq mövqeyi güclənib. Bu gün onun müdrik siyasətini uğurla davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilərək bütün sahələrdə inkişaf etdiyi xüsusi vurğulanıb.
Müstəqillik Günü münasibətilə, həmçinin şəxsi heyət üçün ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin dahi şəxsiyyətlərinin ev muzeyləri, abidə və digər tarixi yerlər, şəhidlərimizin məzarları ziyarət edilib.
Silsilə tədbirlərdə “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.
Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub.
Tədbirlərin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanla mükafatlandırılıb.
Digər xəbərlərə də bax
HƏRBİ
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
HƏRBİ
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.