SİYASƏT
Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini pisləyib
Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycanı hədəf alan ədalətsiz və birtərəfli qətnamə qəbul etməsinə qəti etirazını bildirir və bu hərəkəti irqçi, azərbaycanofob, türkofob və islamofob siyasi aksiya kimi qiymətləndirərək şiddətlə qınayır.
Bu barədə parlamentin yaydığı münasibətdə bildirilib.
Qeyd olunub ki, qətnamədə Azərbaycana qarşı irəli sürülmüş ittihamlar qismən reallıqların təhrifinə, qismən də yalan və saxta məlumatlara əsaslanır:
“2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan, beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsi bərpa edildikdən sonra Niderland Parlamenti Azərbaycana qərəzli münasibətini dəfələrlə ifadə edərək müxtəlif qətnamələr qəbul edib.
Hazırda Ermənistanla sülh danışıqlarının aparıldığı və bu istiqamətdə müəyyən ümidverici nəticələrin əldə edildiyi bir şəraitdə Niderland Parlamentində yenidən belə bir sənədin ortaya çıxması siyasi bəsirətsizliyin və məsuliyyətsizliyin bariz nümunəsidir. Təəssüf doğuran haldır ki, Niderland Parlamentinin üzvləri Azərbaycan torpaqlarının işğal altında saxlanıldığı, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşadığı 30 il ərzində bir dəfə də olsun səslərini çıxarmamış, işğalçı ölkəni aşkar və ya gizli surətdə dəstəkləməyə üstünlük veriblər, bu gün isə Azərbaycana qara yaxan, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, uzun illər münaqişədə olmuş iki dövlət arasında normallaşma prosesinə zərbə vuran, revanşizmə rəvac verən bir hərəkəti özlərinə rəva görürlər.
Nəzərə alınmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi digər dövlətlər kimi Niderland Krallığının da beynəlxalq öhdəliklərindən biridir. Digər tərəfdən, bu cür aksiyalar təkcə Cənubi Qafqaz regionunun deyil, həm də bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına ziddir.
Niderland Parlamentinin Nümayəndələr Palatasında sözügedən qətnamənin müzakirəsi zamanı xarici işlər naziri Hanke Brüins Slotun deputat sorğusunun cavabında səsləndirdiyi qeyri-adekvat fikirlər, onun Azərbaycan barəsində əvvəllər də irəli sürdüyü əsassız ittihamlar bu ölkənin icra orqanlarının parlament deputatlarının təxribat xarakterli fəaliyyətinə göz yumduqlarını və bu cür fəaliyyəti əslində təşviq etdiklərini göstərir. Bütün bunlar Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir və sülh gündəliyinin həyata keçirilməsi səylərinə ciddi maneçilik törədir”.
Milli Məclis Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə cəhdlərinə son qoymağa, bölgədə artıq tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq niyyətindən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına yönələn addımlar atmağa çağırır.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.