XƏBƏRLƏR
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.
Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirə biliblər.
Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.
Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak ediblər.
Uşaqlar üçün xüsusi ayrılan zonadakı səhnədə gənc istedadların ifasında konsert proqramı təqdim edilib. Səhnədə “Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29” konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil olunub. “Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri, “Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların ətraf mühitin qorunmasındakı rolu nümayiş etdirilib.
Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və uşaqlar arasında yarışlar keçirilib, uşaqlara şahmat yarışlarında, futbol üzrə ustad dərslərində iştirak etmək, öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb.
Hər bir uşaq öz sevimli personajını canlandırmağı arzulayır. Bu baxımdan balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini müxtəlif şəkil və cizgi filmlərinin qəhramanları ilə bəzədə bilib.
Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə görüşünü, onlarla birlikdə əylənməsini təşkil edib.
“Street art” – küçə incəsənəti üçün ayrılan ərazidə uşaqlar asfalt üzərində rəsmlər də çəkiblər. Azərbaycan Avtomobil Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlimlər keçirilib, Heydər Əliyev Mərkəzinin parkında kiçik avtomobillərlə ralli təşkil olunub.
Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün oxu saatı keçirib.
Arxeoloji meydançada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketlərini aşkar edib, onları tədqiq ediblər.
Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla maariflənməsi isə “Safari tur” zonasında mümkün olub.
Festivalda gənclərin maraq göstərdiyi “Playstation zonası” da fəaliyyət göstərib.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı uşaqların pulsuz göz müayinəsini aparıb.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.