MANŞET
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edildi.
Dövlət başçısı 1996-cı il iyunun 4-də “Şahdəniz” yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanmasının böyük önəm daşıdığını dedi.
Alparslan Bayraktar qeyd etdi ki, Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir. O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğuladı. Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd etdi. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxundu.
Alparslan Bayraktar Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olduğunu deyərək, Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində də uğurlar qazandığını qeyd etdi, ölkələrimizin bu istiqamətdə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.
Qonaq Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasının önəmini bir daha qeyd etdi və bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidvar olduğunu dedi.
Dövlət başçısı Türkiyə Prezidentinin bugünkü tədbirlə bağlı məktubuna görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazır vəziyyətdə olacağını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı bu layihənin Naxçıvanın elektrik enerjisi istehsalı və təbii qazla təchizatı baxımından çox önəmli layihə olduğunu dedi.
Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edən Azərbaycan Prezidenti bu gündəliyin təbii qaz, neft, bərpaolunan enerji növləri, Türk Petrollarının SOCAR ilə birlikdə başqa ölkələrdə birgə fəaliyyəti və digər sahələri əhatə etdiyini vurğuladı.
Ölkələr arasında enerji sahəsində nəhəng layihələrin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin bütün sahələrdə olduğu kimi, enerji məsələsində də özünü göstərdiyini qeyd etdi.
Prezident İlham Əliyev hazırda Azərbaycan təbii qazının Türkiyə ərazisindən 8 ölkəyə ixrac edilməsinin əhəmiyyətinə toxundu və bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.