SİYASƏT
Ceyhun Bayramov və Polşa XİN-in dövlət katibi iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iki ölkə arasında əməkdaşlığı müzakirə edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Polşa arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.
C.Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb.
İki ölkə arasında ticarət dövriyyəsinin bu sahədə mövcud potensiala mütənasib olaraq artırılmasının, habelə iqtisadi-ticari sahədə perspektivlərin müzakirəsi baxımından Azərbaycanla Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd edilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində görülən işlər və gələcək planlar barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində Polşa tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar olduğunu diqqətə çatdırıb.
Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında normalaşma prosesindən bəhs edərək, bölgədə sülh quruculuğu üçün münbit şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin və Polşa nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Polşa strateji tərəfdaşlığına dair məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.