İDMAN
Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının ildönümünə həsr olunmuş festival keçirilib
İyunun 5-də “Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib.
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən verilən məlumata görə, MOK-un Atletlər Komissiyası ilə birlikdə təşkil edilən tədbirdə əvvəlcə komissiyanın üzvləri – Rüstəm Orucov (Rio-2016 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının ikiqat gümüş medalçısı), Fəridə Əzizova (V İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarının qalibi, dünya çempionatının ikiqat bürünc mükafatçısı), Zöhrə Ağamirova (bədii gimnastika üzrə Avropa çempionatının bürünc mükafatçısı, V Islam Həmrəyliyi Oyunlarının dördqat qızıl medalçısı), Fatimə Alkərəmova (Rio-2016 Yay Olimpia Oyunlarının üzgüçülük üzrə ən gənc iştirakçısı, bir çox beynəlxalq yarışların qalibi və rekordçusu, Azərbaycan çempionu) iştirakçılara təqdim edilib.
Sonra Atletlər Komissiyasının üzvü Fəridə Əzizova çıxış edərək, Komissiyanın fəaliyyəti barədə məlumat verib.
O, Atletlər Komissiyasının əsas məqsəd və vəzifələri barədə danışaraq bu qurumun Avropa Atletlər Komissiyası və Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynadığını bildirib.
Fəridə Əzizova 2021-ci ilin noyabr ayında “Qəhrəman varisləri” adlı layihənin təşkil olunmasından bəhs edib. O, bu layihə çərçivəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin və qazilərimizin övladlarının idmana cəlb olunduğunu deyib.
Sonra çıxış edən Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov Azərbaycanın müstəqil dövlət olaraq Olimpiya Hərəkatına 1992-ci ildən qoşulduğunu, həmçinin 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq “Olimpiya Günü”nün qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatının sürətli inkişaf mərhələsinin başladığını deyən Olimpiya mükafatçımız bu illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında ümumilikdə 8 qızıl, 15 gümüş və 29 bürünc medal qazandığını vurğulayıb.
Daha sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar monitor vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub.
Proqrama uyğun olaraq gimnastika, cüdo, güləş, taekvondo üzrə nümayişlərdən sonra əyləncəli yarışlara start verilib. Festivalda iştirak edən məktəblilər iplətullanma, pazl yığılması, kəndirlə mübarizə yarışlarında maraqlı və əyləncəli viktorinada iştirak ediblər.
Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşib.
İplətullanma yarışında 49, 60 və 56 saylı məktəbin komandası qaliblər sırasında yer alıblar.
7, 56 və 49 saylı və Elitar Gimnaziyanın komandası pazl yarışlarında fərqlənib.
Kəndirlə mübarizədə 18, 49, 190 saylı məktəbin və Elitar Gimnaziyanın şagirdləri fəxri kürsüdə yer alıblar.
56 saylı məktəb ve Elitar Gimnaziyanın təmsilciləri isə viktorinanın qalibi olub.
Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftaxetdinova, həmçinin Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov çıxış edib.
Çıxış zamanı qeyd olunub ki, bu cür layihələr yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olmasında, onların idman vasitəsi ilə sağlam həyat tərzi keçirməsində əhəmiyyətli rol oynayır.
“Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalının iştirakçılarına gələcəkdə uğurlar arzulayan Olimpiya çempionları bu tədbirin onların yaddaşında daim qalacağına inandığını bildirib.
Sonra yarışların qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İlk üç yeri tutan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qaliblərə mükafatları MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya çempionları və Atletlər Komissiyasının üzvləri təqdim edib.
Festivalın sonunda xatirə şəkili çəkdirilib.
Məlumat üçün bildirək ki, tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.
Digər xəbərlərə də bax
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
İDMAN
Gimnastlarımız gümüş medal qazandılar
Gimarayş şəhərində akrobatika üzrə dünya çempionatı keçirilir.
ShekiMedia.az xəbər verir ki, millimiz yarışda ilk medalını qazanıb.
Gimnastlarımız komanda yarışında fəxri kürsüdə yer alıblar. Təsnifat mərhələsində Azərbaycan akrobatları 6 növdə finala vəsiqə qazanıblar. Yığmamız bu nəticə ilə çempionatın gümüş medalını qazanıb. Millimiz yalnız Çindən geri qalıb, İsrail akrobatları isə bürüncə sahib çıxıblar.
Qeyd edək ki, temp və balans hərəkətlərində Ağasis Rəhimov-Raziyə Seyidli qarışıq dueti, Murad Rəfiyev-Daniel Abbasov kişi cütü və Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi dördlüyü finala vəsiqə əldə edib.
İDMAN
Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır
Bakı Şəhər Halqası “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün sonuncu hazırlıqlarını tamamlayır.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq azarkeşlər bu il “Formula 1″in dünyaca məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər.
Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada fanatlar bolidin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək.
Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan Forum keçiriləcək. Burada səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf alıb və şəkil çəkdirmək imkanı əldə edəcəklər.
Fərqli texnoloji təcrübələri sevənlər üçün isə “Giant Helmet” çox maraqlı olacaq. Fanatlar nəhəng F1 dəbilqəsinin köməyi ilə virtual reallıqda öz sürücü dəbilqələrini dizayn edəcək və bu unikal təcrübəni sosial mediada paylaşa biləcəklər.
“Ninja əngəl zolağı” fiziki aktivlik axtaranlar üçün idealdır. Hər yaş üçün uyğun olan bu zolaqda fanatlar müxtəlif maneələri dəf edərək əylənəcəklər. “Formula 1” yarışlarının həyəcanı ilə sirkin möcüzəsi bir araya gəlir. Yarış həftəsində akrobatlardan illüziya ustalarına qədər valehedici çıxışlarla dolu möhtəşəm sirk ab-havası yaşanacaq.
Əyləncənin ekstrimal tərəfi isə motosikletçilərin sürət və cazibə qanunlarını pozaraq nəhəng qlobusda 70 km/saat sürətlə yarışmasıdır. Onların təhlükəli döngələri sizə adrenalin dolu anlar yaşadacaq.
Bakı Şəhər Halqası kiçik qonaqları da unutmayıb. Bulvar ərazisində uşaqlar üçün xüsusi əyləncə nöqtələri mövcuddur. Bundan başqa, milli rəqslər, nağara şoular, retro avtomobillərin sərgisi, müxtəlif foto zonalar, həmçinin kiçik konsertlər kimi əyləncələr də burada yer alacaq.
Bu il yarış həftəsonu Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünya şöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Eyni axşam yarış həvəskarlarını Cənubi Afrikanın məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik və enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu J Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.