XƏBƏRLƏR
Azərbaycanda nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında kitab təqdim edilib
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Avrasiyanın Arteriyaları” adlı kitabının ictimaiyyət üçün təqdimat mərasimi keçirilib.
Kitab Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr edilən Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri, həmçinin materikin 30-dan çox dəhlizini əhatə edir.
Təqdimatda UNEC-in rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Təqdimat mərasimində E. Əmirov bildirib ki, “Avrasiyanın Arteriyaları” adlı kitabın üzərində 2 il 3 ay çalışıb: “Kitab Azərbaycanla yanaşı ABŞ-ın, Çinin, Rusiyanın və digər dünya nəhənglərinin üzərində mübarizə apardığı Avrasiyanın 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqındadır. Burada bu dəhlizlərin yaranma tarixi, əhatə coğrafiyası, texniki-iqtisadi göstəriciləri, iştirakçı ölkələr və bu ölkələrin toqquşan maraqları, hər dəhliz komponenti uğrunda gedən müharibələr və perspektivlərinə dair təhlillər verilib”.
O qeyd edib ki, eyni zamanda kitabda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin ayrı-ayrılıqda qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyinin detalları incəliklə təqdim edilib: “Rusiya dəhlzilərinin ABŞ tərəfindən necə sıradan çıxarılması, Çinin Rusiyanın bu vəziyyətində neçə məharətlə istifadə etməsi, Türkiyədə Qaz Habının yaradılmasının nə üçün mümkün olmayacağı, bizim Cənub Qaz Dəhlizimizdən 10 dəfə böyük tutumu olan Rusiyanın “Şimal Axını”nın Baltik dənizinin dibində necə partladıldığı və onun gələcək aqibəti, Çinin “Kəmər və Yol Təşəbbüsü”nün hansı ölkələr üçün fəlakətə çevrilməsi, Cozef Baydenin təşəbbüsü ilə irəli sürülən İMEC dəhlizi və İsrail-Həmas müharibəsi arasında əlaqə və ehtimal edilən perspektivləri və digər maraqlı məqamlar kitabda geniş şəkildə öz əksini tapıb. Buna görə də kitabın Azərbaycanla yanaşı, tərcümə edilərsə Rusiya və Türkiyə, eləcə də digər ölkələrdən olan oxucular üçün də maraq doğuracağını gözləyirəm”.
O, bütünlüklə rəngli çap edilən və 320 səhifə olan bu kitabda 40-a yaxın dəhliz xəritəsi yenidən rəngli olaraq işlənilib: “Beləliklə, 2 il yarıma yaxın üzərinə böyük sevgi və əmək sərf etdiyim kitabın oxucularımız üçün faydalı olacağını düşünürəm”.
Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün komponentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətindən danışıblar.
Eyni zamanda bildirilib ki, kitabda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən incəliklə təqdim edilib.
Həmçinin, çixış edənlər kitabın ciddi əhəmiyyətindən və maarifləndirmə işlərində oynayacağı roldan danışıb, dəhlizlərin texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edildiyinə görə onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyini vurğulayıblar.
Tədbirdə iştirak edən natiqlər 30-dan artıq dəhlizə dair məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini tapmasının nadir hal olduğunu bildiriblər.
Qeyd edək ki, “Avrasiyanın Arteriyaları” kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğurunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilib.
Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapıb.
Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.