HƏRBİ
12 nəfərin müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib, cinayət işi açılıb
Azərbaycanda 12 nəfərin müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.
Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə yaydığı məlumatında bildirilir.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.
İstintaqla, həmçinin çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və Hərbi Həkim Komissiyalarının həkimləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması, hərbi xidmətə çağırışla əlaqədar çağırışçıların düzgün müayinə edilməməsi, sağlamlıq vəziyyəti faktiki olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərə düzgün diaqnoz təyin edilməməsi və ya sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması müəyyən edilib.
Aparılan araşdırmalarla 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, 26 nəfərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, 12 nəfər şəxsin isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.
Qeyd olunan 26 nəfər şəxs yenidən tibbi müayinədən keçirilib və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onların hərbi xidmətə yararlı olmaları təsdiq olunduğundan barələrində toplanmış materiallar onların hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilib.
Digər 12 nəfər şəxs barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.
Bundan başqa, sadalanan faktlarla bağlı araşdırma nəticəsində aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə gələcəkdə neqativ halların baş verməsinin qarşısının alınması məqsədilə ümumilikdə 28 tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının qarşısının alınması və çağırışçıların yenidən hərbi xidmətə cəlb olunması, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
Digər xəbərlərə də bax
HƏRBİ
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
HƏRBİ
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
HƏRBİ
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.