SİYASƏT
Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilib
Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Dövlət Universitetində elmi və tədris kollektivinin, tələbələrin iştirakı ilə mərasim təşkil olunub.
Tədbirdə Universitetin rektoru Andrey Korol Azərbaycan parlamentinin spikerinin tərcümeyi-halı haqqında məlumat verib və Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilməsi haqqında Elmi Şuranın qərarını elan edib.
Sonra rektor Belarus Dövlət Universitetinin Fəxri professoru diplomunu və mantiyasını spiker Sahibə Qafarovaya təqdim edib.
Mərasimdə spiker Sahibə Qafarova Belarus Respublikasının ilk dövlət universiteti, bu ölkənin ali təhsilinin flaqmanı olan belə bir nüfuzlu universitetdə olmaqdan məmnunluğunu və Belarus Dövlət Universitetinin Fəxri professoru adına layiq görüldüyünə görə minnətdarlığını bildirib.
Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.
MANŞET
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.