MANŞET
Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır
Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır.
Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.
O bildirib ki, dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
Şöbə müdiri qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.
“Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb”.
A.Vəliyev vurğulayıb ki, qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.