XƏBƏRLƏR
Böyük Britaniyanın Azərbaycanda minatəmizləmə fəaliyyətinə dəstəyi genişləndirilə bilər
Böyük Britaniyanın Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstək genişləndirilə bilər.
Bununla bağlı Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirinin müavini Eduard İvansın görüşündə müzakirə aparılıb.
Görüşdə Samir Poladov Azərbaycanın üzləşdiyi mina problemi və minaların törətdiyi fəsadlar, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətlər, əldə edilən nəticələr, eləcə də mina təhlükəsilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq barədə qarşı tərəfə məlumat verib. O, Böyük Britaniyanın humanitar minatəmizləmə fəaliyyətini ilk gündən dəstəklədiyini və bu sahədə kifayət qədər uğurlu layihələrin olduğunu qeyd edib.
Görüş zamanı Eduard İvans Azərbaycanın qarşılaşdığı mina probleminin miqyasının böyük olduğunu bildirib və bu istiqamətdə işləri təqdirəlayiq qiymətləndirib.
Görüşdə Böyük Britaniyanın ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi dəstəyin genişləndirilməsi, bu sahədə mövcud əməkdaşlıq imkanlarının artırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
İQTİSADİYYAT
Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.
İDMAN
Fərid Qayıbov növbəti dəfə idman federasiyalarının nümayəndələri ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə Fərid Qayıbov federasiya nümayəndələrini salamlayaraq, onları Paris-2024 Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib.
Nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.
Toplantıda əvvəlcə alman idman mütəxəssisi Mattias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.
Fərid Qayıbov regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.