MANŞET
Prezident İlham Əliyev AYB-nin qurultayının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara müraciət ünvanlayıb.
Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Müraciətdə deyilir:
“Hörmətli qurultay nümayəndələri!
Sizi Azərbaycan yazıçılarının XIII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə nailiyyətlər arzu edirəm.
Azərbaycan xalqı şeirə, sənətə böyük qiymət verərək, cəmiyyət və gələcək nəsillər qarşısında dərin mənəvi məsuliyyət hissi ilə yazıb yaradan qələm sahiblərinə daim ehtiram bəsləmişdir. Onlar çoxəsrlik söz xəzinəmizin zənginləşməsi, mədəni dəyərlərimizin saflığının qorunması və ictimai fikrin milli özünüdərk zəminində formalaşması işinə misilsiz töhfələr bəxş etmişlər. Ədəbiyyatımızı milliliklə bəşəriliyin ahəngdar vəhdətində humanist xarakterli ideya-fəlsəfi axtarışları ilə dünya ədəbi irsinin tərkib hissəsinə çevirmiş görkəmli söz ustalarının xatirəsi ölkəmizdə əziz tutulur. Xalqımızın qəlbində azadlıq duyğularının güclənməsi, insanlarımızın ruhuna mübarizə əzminin aşılanması və müstəqilliyimizin mənəvi zəmininin möhkəmlənməsi yolunda şair və yazıçılarımız xüsusi fədakarlıq göstərmişlər.
Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaq”.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.