CƏMİYYƏT
DTX-nin İranın təxribatı barədə məlumatı: Əsədov israilli biznesmenləri öldürmək istəyib – FOTO
Dövlət Təhlükəsizliyi Xidməti İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib.
DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda bir məqam diqqət çəkir.
Bildirilir ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.
Bir az araşdırma aparsaq, görürük ki, bu ad bizə bir ildən çoxdur ki, tanışdır. Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir.
Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.
Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.
Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.
Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar.
Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.