MANŞET
Azərbaycanın Zəfər Günü Pakistanda təntənəli şəkildə qeyd olunub
Azərbaycanın Pakistandakı səfirliyi Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar bu ölkədə rəsmi qəbul təşkil edib.
Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
Pakistanın müdafiə naziri Məhəmməd Xavaca Asifin əsas qonaq qismində təşrif buyurduğu qəbulda, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Xəzər Fərhadov hər il ölkəmizdə 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunduğunu bildirib və tarixi qələbəmizin ikinci ildönümünü təşkil olunmuş bu qəbulda bizimlə birlikdə qeyd etdikləri üçün qonaqlara öz təşəkkürünü çatdırıb.
Səfir Ermənistanın Azərbaycanın tarixi torpaqlarını 30 il boyunca qanunsuz şəkildə işğal atında saxladığını və BMT TŞ-nin müvafiq qətnamələrinin bu müddət ərzində işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. Ermənistan tərəfindən azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını və işğal nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.
X.Fərhadov işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərin, tarixi abidələrin yerlə-yeksan edildiyini, 67 məsciddən 65-nin dağıdıldığını, eləcə də müsəlmanların təhqir etmək məqsədilə məscidlərin heyvanlar üçün sığınacaq kimi istifadə olunduğunu vurğulayıb.
44 günlük Vətən müharibəsindən söz açan səfir, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 2020-ci ildə tarixi torpaqlarımızı erməni işğalından azad etdiyini, Azərbaycanın ərazi bütövlüyünün və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquqlarının bərpa olunduğunu diqqətə çatdırıb. Həmçinin, müzəffər ordumuzun BMT TŞ-nin kağız üzərində qalmış müvafiq qətnamələrini tək başına icra etdiyini ifadə edib.
Səfir işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işlərindən söhbət açıb, Füzuli və Zəngilan beynəlxalq hava limanları, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi, eləcə də ölkəmiz tərəfindən başladılmış “Böyük Qayıdış” proqramı barədə məlumatları xüsusilə qonaqların diqqətinə çatdırıb.
Çıxışı əsnasında iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərə də toxunan X.Fərhadov Pakistanın həm keçmiş Qarabağ münaqişəsi həm də Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini ifadə edib və bu dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Qəbulda əsas qonaq qismində iştirak edən Pakistanın müdafiə naziri Məhəmməd Xavaca Asif çıxışı zamanı ilk öncə Azərbaycan hökuməti və xalqını Zəfər Günü münasibətilə təbrik edib və Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsinin Pakistan xalqı arasında böyük sevinclə qarşılandığını dilə gətirib. Azərbaycan və Pakistanın iki qardaş ölkə olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyini əminliklə ifadə edib.
Sonda Zəfər Gününün ikinci ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.
Tədbirin rəsmi hissəsindən sonra pakistanlı müğənni Əsəd Qureyşi tərəfindən Azərbaycan və Pakistan musiqiləri, eləcə də səfirliyin əməkdaşı Baba İslamov tərəfindən saz ifa olunub. İfalar qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdə həmçinin tarixi qələbəmizi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini özündə əks etdirən çoxsaylı videoçarxlar nümayiş etdirilib.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.