SOSİAL
Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək
Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək
İki və daha çox pensiya hüququ yaranan şəxslərə müraciət olunmadan, proaktiv qaydada onlardan ən yüksək olan pensiya təyin olunacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.
Qanunda yeni dəyişikliklərdən biri kimi, digər səbəbdən (xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan) orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan hərbi qulluqçulara təyin edilən pensiyanın məbləği onların təminat xərcliyinin 60 faizindən 70 faizə qaldırılacaq.
Bu da həmin şəxslərin pensiya təminatının gücləndirilməsinə, onlara təyin edilən pensiyanın məbləğinin artımına xidmət edir.
2019-cu ildən ölkəmizdə pensiya və digər ödənişlərin təyinatı müraciət olunmadan və sənəd təqdim edilmədən, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilir.
Qanunda yeni dəyişikliklərdən biri kimi, artıq pensiyanın bir növündən digər növünə keçidin də avtomatlaşdırılmış qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Yəni, iki və daha çox pensiya növünə hüququ yaranmış şəxslərə həmin pensiya növlərindən daha yüksək olanı proaktiv qaydada təyin ediləcək.
Beləliklə, illik təqribən 6-7 min şəxsin sənəd toplamasına, müraciət etməsinə ehtiyac qalmadan, həmin şəxslərə hüquqları yaranan və daha yüksək olan pensiyanın e-sistem üzərindən proaktiv qaydada təyinatı aparılacaq, habelə proaktiv xidmətlərin əhatə dairəsi daha da genişlənəcək.
Qanunda edilən digər dəyişikliklər də pensiya sisteminin təkmilləşdirilməsinə xidmət edir.
CƏMİYYƏT
Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçısı olan 128 min şəxsə 348 min xidmət göstərilib
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçısı olan 128 min şəxsə 348 min xidmət göstərilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:
• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub;
• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 050 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 64,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
• müharibə ilə əlaqədar əlilliyi olan 2 151 şəxs 57,4 min reabilitasiya vasitəsi, o cümlədən 473 şəxs 566 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,9 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 348 min xidmət göstərilib.
CƏMİYYƏT
Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb – SİYAHI
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin yeni siyahısı təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmin siyahı ilə bu linkdən tanış olmaq mümkündür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, siyahıdakı reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb.
Belə ki, qərarla “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” iki dəfədən çox genişləndirilib.
Siyahıya:
– gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator),
– yıxılma detektorları,
– statik vertitikalizator,
– ayaq əyriliyi breketləri,
– daşına bilən panduslar,
– gözdən əlilliyi olanlar üçün ağ əsa,
– brayl əlifbası ilə yazılmış saat,
– brayl sistemi ilə yazı üçün cihaz,
– optik böyüdücülər,
– ekran-oxuyucuları (skrinriderlər)
– hamam otağı üçün stul və ya kətil,
– tualet kreslosu,
– hopdurucu bezlər və mələfələr,
– fərdi həyəcan-siqnalizasiya sistemləri,
– ünsiyyət lövhələri və s. reabilitasiya vasitələri də daxil edilib.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Siyahı üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir.
Siyahıda hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələrinin qruplaşdırılması aparılıb.