SİYASƏT
Milli Məclisin sədri Küveytin Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauid ilə görüşüb.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən spiker Sahibə Qafarova qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır. Dinimizin, oxşar mədəni dəyərlərimizin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını deyən Milli Məclisin sədri əlaqələrimizin inkişafında parlamentlərimizin müsbət rolunu vurğulayıb.
O, qeyd edib ki, iki ölkənin ali qanunverici orqanlarının üzvləri arasında xoş münasibətlər mövcuddur və bu, ikitərəfli və çoxtərəfli formatda olan əməkdaşlıqda özünü göstərir. Dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına töhfə verib. Spiker həmçinin, parlamentlərimizin komitələri arasında əməkdaşlığın münasibətlərimizə müsbət töhfələr verə biləcəyini vurğulayıb.
Qeyd olunub ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında da təqdirəlayiq əməkdaşlıq edirlər. O cümlədən, Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi çərçivəsində müsbət əməkdaşlıq əlaqələrimiz mövcuddur. Spiker Sahibə Qafarova deyib ki, bu əməkdaşlıq Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də uğurla həyata keçirilir. Şəbəkənin Madriddə keçirilmiş təsis iclasında Küveyt parlamentindən nümayəndələr, cari ildə Bakıda keçirilən birinci konfransda isə sabiq sədr Mərzuq Əli Əl-Ganim iştirak edib. O, hazırda Parlament Şəbəkəsi çərçivəsində görülən bir sıra işlər, şəbəkənin beynəlxalq aləmdə daha geniş şəkildə tanıdılması, digər parlament təşkilatları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
Milli Məclisin sədri, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi, işğal dövründə Ermənistanın bütün kənd və şəhərlərimizi tamamilə dağıtması, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyması, məscidlərimizin, müqəddəs ocaqlarımızın ermənilər tərəfindən təhqir olunması barədə geniş məlumat verib. O, Küveyt Dövlətinin Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə Azərbaycana daim dəstək verdiyini bildirib.
Spiker vurğulayıb ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verib. Həyata keçirilən işlərə ən böyük maneə isə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılmış çoxsaylı minalardır. Ermənistan bu gün də ərazilərimizdə mina basdırmağa davam edir. Milli Məclisin sədri, həmçinin, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində ekoloji terror həyata keçirdiyini, faydalı qazıntılarımızı, təbii sərvətlərimizi talan etdiyini, ermənilər tərəfindən terrorun və talançılığın bu gün də davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Məclisində olmaqdan məmnunluğunu ifadə edən səfir Abdullah Mohamed Almauid ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini qeyd edib. O, Azərbaycan və Küveyt dövlətlərinin beynəlxalq təşkilatlarda eyni mövqelərdən çıxış etdiklərini xatırladaraq, vurğulayıb ki, bu faktın özü də əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir. Diplomat, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün birgə Komissiyanın fəaliyyətini, müxtəlif sahələrə aid imzalanmış sazişləri qeyd edərək, bildirib ki, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi də onun ölkəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Görüşdə səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edərək, beynəlxalq təşkilatlarda qərar və qətnamələrin qəbulunda da Azərbaycanın mövqeyini dəstəklədiyini xatırladıb.
O, səfir kimi, fəaliyyətə başlayandan sonra Azərbaycanın bir sıra bölgələrinə səfər etdiyini, Zəngilan və Qubadlıda olduğunu və burada Ermənistan tərəfindən törədilmiş dağıntıların bilavasitə şahidi olduğunu bildirib. O, deyib ki, Azərbaycanın bu ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlaması çox sevindiricidir. Diplomat həmçinin, Gəncə şəhərinə səfərini, orada Ermənistan tərəfindən atılmış raketlərlə dağıdılmış evləri öz gözləri ilə gördüyünü diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
MANŞET
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.
Bunlara Miqrasiya Məcəlləsində, “Dövlət rüsumu haqqında” qanunda, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Turizm haqqında” qanunda, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində (hamısı üçüncü oxunuş) dəyişiklik, “Siyasi partiyalar haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik, Vergi Məcəlləsində dəyişiklik layihələri daxildir.
Eyni zamanda “Minatəmizləmə haqqında” qanun layihəsi, “Yol hərəkəti haqqında”, “Qrant haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Kredit büroları haqqında”, Mülki Prosessual Məcəllədə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”, 16. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Arbitraj haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik (hamısı birinci oxunuş) müzakirəyə çıxarılacaq.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.
MANŞET
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı deyib.
Onun sözlərinə görə, Şuşada Bayraq Meydanının açılışı Azərbaycanın hər bir vətəndaşını qürurlandırıb:
“Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkənin bütün ərazilərində qürurla dalğalanır. Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb”.
M.İmanlı Bayraq Meydanında görülən və nəzərdə tutulan işlər haqqında da məlumat verib.
“Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib.
Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq, Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və ticarət mərkəzinin inşa edilməsi nəzərdə tutulur”.