Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Vərəzət kəndində səyyar qəbul keçirib – FOTO
Yanvarın 21-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Vərəzət kəndinin sakinləri ilə görüşüb.
ShekiMedia.az xəbər verir ki, səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 20 Yanvar hadisələrindən bəhs edib, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixi olduğunu, Azərbaycan xalqının onun qanlı yaddaşında silinməz iz qoyan bu faciənin ildönümünü hər il qeyd etdiyini, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla andığını və bu faciəni heç vaxt unutmayacağını bildirib.
Sonra kənd sakinləri Məmmədov Abdulhəmid, Həsənov Araz, Həmidov Fəxrəddin və başqaları çıxış edərək Vərəzət kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, kənd qəbiristanlığının subasma təhlükəsinin olması səbəbli kanal qazılması üçün texnikanın ayrılmasını, Vərəzət kəndində çayın üzərində keçid-körpünün salınmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.