RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Səudiyyə Krallığının investisiya nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edilib, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi vurğulanıb.
Dövlətimizin başçısı bundan əvvəl Xalid bin Əbdüləziz Əl-Falihlə görüşünü məmnunluqla xatırlayaraq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçəcəyinə əminliyini bildirib. Əməkdaşlığımızın gündəliyinin daha da genişləndiyini deyən Prezident İlham Əliyev sabah keçiriləcək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı əsaslar yaratdığını deyib və biznes sahəsində əməkdaşlığın, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraq göstərdiyini bildirib, bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihəni əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirib. Prezident İlham Əliyev alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu deyib.
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığından nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza nəzərdə tutulan səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirib.
Dövlətimizin başçısı ilə keçirilən görüşdən şərəf hissi duyduqlarını bildirən Xalid bin Əbdüləziz Əl-Falih əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırıq və tövsiyələrə görə minnətdarlığnı bildirib.
Qonaq İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud və Vəliəhdi Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını və son dövrlərdə ölkəmizin əldə etdiyi böyük uğurlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.
Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana OPEK+ çərçivəsində əməkdaşlıq və Səudiyyə Ərəbistanının bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsində verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq qeyd edib ki, ölkəsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsindəki haqlı mövqeyini hər zaman dəstəkləyib.
Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında hələ də böyük sevinclə izlənildiyini vurğulayıb. Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən qonaq deyib: “Biz çox şadıq və ümid edirik ki, yenidənqurma və bərpa işləri vasitəsilə sizin sülh mərhələsinə keçidiniz uğurlu olacaq”. Qonaq bunun bölgəyə firavanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.
Xalid bin Əbdüləziz Əl-Falih ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
Qonaq Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrin, bu baxımdan dünən Rumıniyada imzalanan Sazişin əhəmiyyətinə toxunub.
Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb, ölkəmizdə bərpaolunan enerji generasiya layihələrində Səudiyyə Ərəbistanı Krallığından olan şirkətlərin iştirakı müzakirə edilib. Qeyd edilib ki, Səudiyyə Ərəbistanı Krallığı bu istiqamətdə, həmçinin kənd təsərrüfatında və digər sahələrdə yeni layihələrə investisiya qoymaqda maraqlıdır.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondunun və Dövlət İnvestisiya Fondunun ölkəmizdəki layihələri maliyyələşdirməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlərə də bax
MANŞET
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
Bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:
“Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.