CƏMİYYƏT
AQTA sahibkarlara müraciət edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunla bağlı sahibkarlara müraciət edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, qanunun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq: “Məlum olduğu kimi, yeni qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur”.
AQTA qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarı bu qanunun müddəaları ilə yaxından tanış olmağa və öz fəaliyyətlərini yeni qanunun tələblərinə uyğun qurmağa çağırır.
Bildirilib ki, yeni qanuna əsasən, 1 yanvar 2023-cü il tarixindən etibarən sahibkarlıq subyektlərini bir sıra yeniliklər gözləyir. Yeni ildən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, AQTİ-nin səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.
Sahibkarların nəzərinə çatdırırıq ki, yeni qanunla bağlı sualları yarandığı təqdirdə, Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq müraciət edə bilərlər. “Qida təhlükəsizliyi haqqında” Qanunun tam mətni və izahedici məlumatlarla AQTA-nın media resurslarından – afsa.gov.az saytı və sosial şəbəkə hesablarından tanış olmaq mümkündür.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.