RƏSMİ XRONİKA
DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri təyin ediləcək – FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında fərman imzalayıb.
Qərar DTX-nin beynəlxalq təşkilatlarla və xarici ölkələrin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə verilib.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.
Müəyyən edilib ki, Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi barədə təklifləri bu fərmana uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.
Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını təyin olunduqları Azərbaycan Respublikasının xarici dövlətlərdəki və ya beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər.
Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərcləri ödənilir.
Nazirlər Kabinetinə Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin diplomatik pasportla təmin olunmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Digər xəbərlərə də bax
MANŞET
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
Bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd edilib:
“Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.