CƏMİYYƏT
Ali Məhkəmənin sədri Yevlax rayonunda vətəndaşları qəbul edib
Dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı Prezident İlham Əliyevin tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.
Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 13-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Yevlax rayonunda Yevlax, Goranboy, Naftalan və Xocalı rayonlarından, eləcə də digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Yevlax şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Ali Məhkəmənin sədri qəbulda iştirak edən şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanıb.
Eyni zamanda, hər bir vətəndaş diqqətlə dinlənilərək məhkəmələrin fəaliyyəti barədə onların müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerində həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Yevlax Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, Yevlax, Goranboy, Naftalan və Xocalı rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirib.
Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial dövlətin yeni modelinin formalaşdırıldığı, insanların yüksək rifahının təmin olunmasının dövlət siyasətinin əsas məqsədi olduğu bildirilib. Dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ tədbirlərdən danışılıb.
Məhkəmə fəaliyyəti üçün mühüm “yol xəritəsi” olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.
Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, antikorrupsiya tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
Həmçinin müşavirədə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər və hazırkı mövcud vəziyyət təhlil edilib, gələcəkdə bu sahədə görülməli işlər barədə tövsiyələr verilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir
Bu barədə ShekiMedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
“Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.
CƏMİYYƏT
DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 187, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
CƏMİYYƏT
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.